“Qaya Safety Solutions” MMC-nin fəaliyyətə başlamasının 5 illiyi münasibətilə Cəbrayıl rayonunda yubiley tədbiri keçirilib.
Tədbirdə şirkətin rəhbərliyi, əməkdaşları və qonaqlar iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində iştirakçılar şirkətin minatəmizləmə sahəsində həyata keçirdiyi təlim-məşq prosesini izləyib, əməkdaşların peşəkar hazırlığı və istifadə olunan texniki vasitələrlə tanış olublar.
Daha sonra “Qaya Safety Solutions”un 5 illik fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmdə şirkətin keçdiyi inkişaf yolu, həyata keçirilən əməliyyatlar, əldə olunan nəticələr və bu fəaliyyətin arxasında dayanan insanların əməyi əks olunub.
Tədbirdə çıxış edənlər şirkətin ötən beş il ərzində humanitar minatəmizləmə sahəsində gördüyü işlərdən, peşəkar komandanın formalaşdırılması, müasir texnologiyaların tətbiqi və beynəlxalq standartlara uyğun fəaliyyətinin əhəmiyyətindən danışıblar.
Yubiley tədbirinin sonunda 5 illik fəaliyyət dövründə peşəkarlığı və fədakar əməyi ilə fərqlənən əməkdaşlar mükafatlandırılıb.
Qeyd edək ki, 2021-ci ilin oktyabrında fəaliyyətə başlayan “Qaya Safety Solutions” MMC işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, insanların doğma yurdlarına təhlükəsiz qayıdışına töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirir.